Pakistanda adı korrupsiyada hallandırılan Baş nazir Şahbaz Şərifin oğlu Süleyman Şahbaz bu gün səhər saatlarında 2018-ci ildə tərk etdiyi ölkəsinə qayıdıb.
Hafta.az-ın yazdığına görə, 2018-ci ildən Londonda yaşayan S.Şahbaz səhər saatlarında İslamabad hava limanına enib.
S.Şahbaz sosial şəbəkədəki paylaşımında təhlükəsizliyi üçün Pakistanı tərk etməli olduğunu, yeni siyasi nizamı asanlaşdırmaq üçün ona və ailəsinə qarşı saxta işlərin yaradıldığını bildirib.
İslamabad Ali Məhkəməsi ötən həftə S.Şahbaz üçün dekabrın 13-nədək müvəqqəti zaminə buraxmaqla bağlı qərar verib. Bu, S.Şahbazın həmin tarixə qədər saxlanılmasının qarşısını alır.
Qeyd edək ki, 2018-ci il ümumi seçkilərindən əvvəl Maliyyə Məsuliyyət Bürosu (NAB) S.Şahbazla bağlı müxtəlif iddialar qaldırmışdı.
O, 2018-ci il ümumi seçkiləri öncəsi özünə qarşı açılan iddialara görə Londona gedib.
Federal Təhqiqat Agentliyi isə 2020-ci ilin noyabrında Baş nazir Şərif və iki oğlunu korrupsiya və çirkli pulların yuyulmasında ittiham edib.
Məhkəmə bu il oktyabrın 12-də çıxardığı qərarda Baş nazir Şahbaz Şərif və onun digər oğlu Həmzə Şərifi mühakimə olunduqları çirkli pulların yuyulması işi üzrə təqsirli bilməyib. Lakin S.Şahbaz xaricdə olduğu və məhkəmələrdə iştirak etmədiyi üçün bəraətdən yararlanmayıb.
Xatırladaq ki, Şahbaz Şərif və iki oğlu 16,3 milyard rupi (təxminən 72,5 milyon dollar) məbləğində çirkli pulların yuyulmasında ittiham olunurdu.